Qərbi Azərbaycan İcmasında Ziyalılar Şurasının təşkilatçılığı ilə Azərbaycan pedaqogika elminin görkəmli nümayəndəsi, pedaqoji elmlər doktoru, professor, Əməkdar ali məktəb işçisi, akademik Hüseyn Əhmədovun anadan olmasının 100 illiyinə həsr olunmuş "Akademik Hüseyn Əhmədovun pedaqoji irsi və təhsil tariximiz" mövzusunda dəyirmi masa keçirilib.
Hafta.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan icmanın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli akademik Hüseyn Əhmədovun Azərbaycan pedaqoji fikir tarixində müstəsna xidmətlərindən bəhs edib.
O bildirib ki, Azərbaycan elminə və təhsilinə mühüm töhfələr vermiş şəxsiyyətlərin yubileylərinin keçirilməsi, onların zəngin irsinin təbliği və xatirəsinin yaşadılması hər bir ziyalının və cəmiyyətin mənəvi borcudur. Vurğulanıb ki, görkəmli alim Azərbaycanda təhsil tarixinin sistemli şəkildə öyrənilməsinə mühüm töhfələr verməklə yanaşı, Qərbi Azərbaycanın maarif və təhsil tarixinin elmi əsaslarla araşdırılmasının da öncüllərindən olub.
Sonra Ziyalılar Şurasının sədr müavini, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov "Hüseyn Əhmədovun pedaqoji irsi və onun Azərbaycanda pedaqogika elminin inkişafına təsiri" mövzusunda geniş məruzə ilə çıxış edib. Onun keçdiyi zəngin həyat yolu, müəllimlikdən akademikliyə qədər yüksələn elmi fəaliyyəti, Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə bağlı çoxillik fəaliyyəti və yaratdığı elmi məktəb xüsusi qeyd olunub.
Bildirilib ki, Hüseyn Əhmədovun müəllifi olduğu "XIX əsr Azərbaycan məktəbi", "Azərbaycan məktəb və pedaqoji fikir tarixi", "Nəriman Nərimanov" və digər fundamental əsərlər Azərbaycan pedaqoji elminin qızıl fonduna daxil olub.
AMEA-nın müxbir üzvü, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri, professor Misir Mərdanov çıxışında akademik Hüseyn Əhmədovun Azərbaycan pedaqogika elminin görkəmli nümayəndələrindən biri olduğunu bildirib. Misir Mərdanov alimin yüksək insani keyfiyyətlərindən, sadəliyindən və prinsipiallığından bəhs edərək, onun rəhbər və alim kimi hər zaman dövlətin və təhsilin maraqlarını üstün tutduğunu vurğulayıb.
Çıxışçı Hüseyn Əhmədovun müəllifi olduğu çoxsaylı fundamental əsərlərin, xüsusilə XIX əsr Azərbaycan məktəb və pedaqoji fikir tarixinə həsr olunmuş tədqiqatların milli təhsil tarixinin öyrənilməsində mühüm əhəmiyyət daşıdığı diqqətə çatdırıb. Bildirilib ki, alimin arxiv sənədlərinə əsaslanan araşdırmaları Azərbaycan məktəb tarixinə dair elmi həqiqətlərin üzə çıxarılmasına, bu sahədə mövcud olan yanlış yanaşmaların aradan qaldırılmasına mühüm töhfə verib. Professor Misir Mərdanov vurğulayıb ki, akademik Hüseyn Əhmədovun zəngin elmi irsi bu gün də tədqiqatçılar üçün etibarlı mənbə olmaqla yanaşı, milli pedaqogika elminin inkişafında öz əhəmiyyətini qoruyub saxlayır.
Digər çıxış edənlər akademik Hüseyn Əhmədovun Azərbaycan elminə və təhsilinə misilsiz xidmətlərindən, zəngin elmi irsindən, yüksək insani keyfiyyətlərindən, tələbələrinə və gənc alimlərə göstərdiyi qayğıdan bəhs ediblər. Bildirilib ki, Hüseyn Əhmədov bütöv bir pedaqoji məktəb formalaşdıraraq Azərbaycan təhsil tarixinin sistemli şəkildə araşdırılmasına yeni istiqamət verib, milli pedaqoji fikir tarixinin öyrənilməsində silinməz iz qoyub.
Sonda çıxış edən akademikin oğlu, Təhsil İnstitunun şöbə müdiri, pedaqogika elmləri doktoru, professor Hümeyr Əhmədov qeyd edib ki, Hüseyn Əhmədovun zəngin elmi irsinin daha geniş təbliği məqsədilə ona həsr olunmuş xüsusi internet saytı yaradılır və həmin platformada alimin otuz cildlik əsərləri, elmi araşdırmaları, arxiv materialları və həyat yoluna dair məlumatlar yerləşdiriləcək.
Tədbir çərçivəsində akademik Hüseyn Əhmədovun həyat və fəaliyyətindən bəhs edən sənədli filmdən fraqmentlər nümayiş etdirilib.